Yaxın Şərqdə davam edən müharibə, enerji qiymətlərinin artması və dövlət borclarının rekord həddə çatması dünya iqtisadiyyatı üçün ciddi risklər yaradıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu məsələlər oktyabrın 12-18-də Tailandın paytaxtı Banqkokda keçiriləcək Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantılarında əsas müzakirə mövzuları olacaq.
Bildirilib ki, ABŞ və İsrailin İranla müharibəsi qlobal enerji təchizatında ciddi problemlər yaradıb. Hörmüz boğazının bağlanması dünya neft tədarükünün təxminən 20 faizinə təsir göstərib.
Dünya Bankının prezidenti Acay Banqa dizel yanacağı və gübrə qiymətlərinin bahalaşmasının iqtisadi vəziyyəti daha da çətinləşdirdiyini bildirib. O, güclü El-Ninyo iqlim hadisəsinin də əlavə risklər yaratdığını vurğulayıb.
BVF-nin rəhbəri Kristalina Georgiyeva isə dövlət borclarının İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə çatdığı barədə xəbərdarlıq edib. Fondun proqnozuna əsasən, 2030-cu ildən əvvəl qlobal dövlət borcu dünya ümumi daxili məhsulunun 100 faizini ötəcək.
Məlumata görə, inkişaf etməkdə olan ölkələr daha böyük təhlükə ilə üzləşib. Yüksək faiz dərəcələri və borc ödənişləri həmin ölkələrin iqtisadi imkanlarını məhdudlaşdırıb.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent Banqkokdakı toplantıya qatılmayacaq. Onu iki yüksəkvəzifəli nümayəndə əvəz edəcək.