Bu ilin sentyabr ayında Avrozonada istehlak qiymətləri 2020-ci ilin eyni ayı ilə müqayisədə 3,4% artıb. Bununla da, 2008-ci ilin sentyabrında qlobal maliyyə böhranı başlayandan sonra regionda inflyasiya ən yüksək həddə çatıb.
"APA-Economics"in məlumatına görə, bu barədə "Eurostat"ın açıqlamasında deyilir.
Qeyd olunur ki, avqust ayında Avrozonada illik inflyasiya 3% təşkil edib. Sentyabr ayı üçün məlumatlar həm ilkin qiymətləndirmə, həm də mütəxəssislərin gözləntiləri ilə üst-üstə düşüb. Əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,5% artıb.
Avropa İttifaqının (Aİ) 27 ölkəsində qiymətlər bir ay əvvəl 3,2% artdıqdan sonra sentyabrda illik ifadədə 3,6% artıb. Bir əvvəlki ayla müqayisədə Aİ-də qiymətlər 0,5% artıb.
Sentyabr ayında illik ifadədə ən aşağı inflyasiya Malta (0,7%), Portuqaliya (1,3%) və Yunanıstanda (1,9%) müşahidə edilib. İstehlak qiymətlərində ən yüksək artım isə Estoniya, Litva (hər birində 6,4%) və Polşada (5,6%) qeydə alınıb.
Almaniyada sentyabrda illik inflyasiya avqustdakı 3,4%-dən 4,1%-ə, Fransada – 2,4%-dən 2,7%-ə, İtaliyada – 2,5%-dən 2,9%-ə, İspaniyada isə 3,3%-dən 4%-ə yüksəlib.