“Tütün məmulatları ilə bağlı iki istiqamətdə dəyişiklik nəzərdə tutulur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, birinci aksizlər, ikinci isə markaların qeydiyyatına görə rüsumlar qaldırılır: “Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına baxmalıyıq. Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Bizdə kifayət qədər artım etmək üçün potensial var. Ancaq sosial məsələləri də nəzərə alaraq, bu sahədə rüsumları kəskin şəkildə artırmırıq. Hesab edirəm ki, bu rüsumları artırılması ən azı inflyasiya səviyyəsində həyata keçirilməlidir”.