2023-cü ilin birinci rübü üzrə "Azər Türk Bank"ın (ATB) maliyyə vəziyyəti məlum olub.
"APA-Economics" banka istinadən xəbər verir ki, ATB-nin xalis mənfəəti kəskin artıb.
Hesabat dövründə bankın əməliyyat gəlirləri 2,2 dəfə artaraq 20,9 milyon manata, əməliyyat xərcləri 63,5% artaraq 16,02 milyon manata, əməliyyat mənfəəti isə 4,9 milyon manata çatıb. Bank bu il 800 min manat mənfəət vergisi ödəyib. Son nəticədə "Azər Türk Bank" 2023-cü ilin ilk rübünü 3,1 milyon manat xalis mənfəətlə başa burub, bu da ötən dövrdəki göstəricidən 13,6 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə ATB cəmi 226 min manat xalis mənfəət açıqlamışdı.
Mənfəəti kifayət qədər artsa da, bank ilin əvvəli ilə müqayisədə 5,3% kiçilib. Bu il aprelin 1-nə ATB-nin aktivləri ilin əvvəlindəki 965,2 milyon manatdan 913,3 milyon manata enib. Bankın kredit portfeli isə ilin əvvəli ilə müqayisədə 14,3% artaraq 367,5 milyon manata çatıb. Cəmi bank öhdəliklərinin həcmi 6,2% azalaraq 840,5 milyon manata düşüb.
Bankın depozit portfeli 2,9% azalaraq 396,1 milyon manata bərabər olub. Əhalinin ATB-dəki əmanətləri ilin əvvəli ilə müqayisədə 1,5% və ya 2,9 milyon manat azalaraq 198,3 milyon manata enib. Şirkətlərin bankdakı əmanətləri isə 7,6% artaraq 197,8 milyon manata yüksəlib.
Bankın cəmi kapitalı isə 5,2% artaraq 72,8 milyon manata yüksəlib.