"Ticarət dövriyyəmiz kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, yəni, plandan əlavə yığılıb və bu da aparılan islahatların təzahürüdür. Bir sözlə, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik".
APA-nın məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir: "Çox önəmli addımlar atılıb - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artıb, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı olan məsələ həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir".