“Azərbaycan Respublikasının Hesablama Palatası olaraq beynəlxalq cəmiyyətdə, o cümlədən AAO cəmiyyətində Dayanıqlı İnkişaf Məqsədləri üzrə təşəbbüsləri aktiv şəkildə dəstəkləyərik”.
APA xəbər verir ki, bunu Azərbaycanın ev sahibliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri üzrə ASOSAİ İşçi Qrupunun İllik toplantısında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri üçün inteqrasiya edilmiş milli maliyyələşmə çərçivələri və Ali Audit Orqanlarının rolu” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun təşkili nəzərdə tutulur: “Tədbirin BMT ilə birbaşa əlaqəli olmasını düşünərək tədbirin BMT günü kimi qeyd olunan əlamətdar bir tarixdə – 24 oktyabr 2023-cü il tarixində keçirilməsini qərara almışıq. Tədbirin hökumət, parlament təmsilçiləri ilə yanaşı beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpuslarının, həmçinin beynəlxalq AAO icmasında Dayanıqlı İnkişaf Məqsədlərin icrası istiqamətində auditi həyata keçirən və təcrübəyə malik bəzi xarici ölkələrin AAO-larının və AAO-ların beynəlxalq təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilməsi və buna uyğun olaraq müəyyən ediləcək mövzular üzrə panel müzakirələrin aparılması nəzərdə tutulur. Biz bu dialoqun ölkəmizdə və beynəlxalq müstəvidə müsbət nəticələrinin olmasına inanırıq”.