2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 13 milyon 497.4 min manat sığorta haqqı toplayıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 8.5% və ya 1 milyon 56.9 min manat çoxdur. Ötən ilin yanvar-aprel aylarında KASKO sığorta üzrə 12 milyon 440,5 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 6 milyon 89.1 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7.9% və ya 446.2 min manat çoxdur. 2022-ci ilin ilk 4 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 5 milyon 642.9 min manata bərabər olub.
Qeyd edək ki, ötən ilin ilk 4 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 45.40 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 4 ayında bu rəqəm 45.10 manat təşkil edib.