2021-ci ildə Azərbaycanda istehlak qiymətləri 2020-ci ilə nisbətən ortalama 6,7% artıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 8,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 5,1% artıb, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə ötən il ortalama 5,8% bahalaşıb.
Təkcə dekabr ayında illik inflyasiya 12%, aylıq inflyasiya isə 1,6% təşkil edib. Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə illik inflyasiya 15,8%-ə, aylıq inflyasiya isə 2,6%-ə bərabər olub.
Ötən ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7%, əvvəlki ilin dekabr ayına nisbətən 7,7% artıb.
2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,9%, əvvəlki ilin dekabr ayına nisbətən 10% artıb.
Qeyd edək ki, inflyasiyanın sürətlənməsi fonunda, ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-dən 8,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq. Bankın proqnozuna görə, 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.