Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,656 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,9% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 802,266 mln. dollar, idxal isə 1,854 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə, ixrac 24,4%, idxal isə 4,6% artıb.
Nəticədə, 2021-ci ilin yanvar-noyabr aylarında 1,052 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,8% azdır.