Bankın ləğv prosesi yekunlaşıb

Bankın ləğv prosesi yekunlaşıb
# 26 fevral 2024 19:14 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycanda ilk dəfə olaraq ləğv prosesində olan bankın ləğvetməsi yekunlaşdırılıb.

APA xəbər verir ki, belə ki, 1992-ci ilin dekabr ayından etibarən bank fəaliyyətini həyata keçirmiş “Borçalı” KB-nin fəaliyyəti 31.01.2005-ci il tarixdə dayandırılmış və məcburi ləğv prosesi başlanılmışdı.

​Həmin vaxtdan 2017-ci ilədək ləğvetmə ilə “RR and VAM” Beynəlxalq auditor firması, daha sonra isə “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC məşğul olmuşdur.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş “Borçalı” KB-yə təyin edilmiş “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.

Fond Banka ləğvedici təyin edildikdən sonrakı dövr ərzində Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirmiş və nəticədə bütün öhdəliklərin icrası tam təmin edilmişdir. Fond tərəfindən LPO “Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq Məhkəməyə müraciət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.12.2023-cü il tarixli, 2-3(102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, LPO “Borçalı” KB-nin ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilmiş və Bankın ləğv prosesi yekunlaşdırılmışdır.

Onu da qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində hal-hazırda 22 bank vardır. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR