Rusiyanın Azərbaycan vətəndaşları üçün pul köçürmələrinin əsas mənşə və təyinat ölkəsi olması nəzərə alınmaqla bu istiqamətdə rəqəmsal pul köçürmələrinin istifadəsini artırmaq üçün səylər gücləndirilməldir.
"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi ilə bağlı tədqiqat qrupunun rəhbəri, beynəlxalq ekspert Anna Proxorova deyib.
O, qeyd edib ki, Azərbaycanda ödəyicilər arasında rəqəmsal pul köçürmə variantları haqqında məlumatlılığın artırılması üçün pul köçürmə xidməti təminatçıları daha çox səy göstərməlidirlər. Bu səylər ilk növbədə bank kartı sahiblərinə yönəldilməlidir. Rusiyanın əsas pulköçürmə sistemləri, xüsusilə Rusiya Federasiyasının maliyyə sektorunda dəyişən vəziyyət kontekstində Azərbaycandan pul köçürmələri üçün yaranan rəqəmsal seçimlər barədə öz müştərilərini vaxtında məlumatlandırmalıdır.
Xatırladaq ki, 2022-ci ilin yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycana pul köçürmələri ümumilikdə 3,6 milyard dollar təşkil edib ki, bunun da 80,5%-i və ya 2,9 milyard dolları təkcə Rusiyanın payına düşüb. Həmçinin ötən il Rusiyadan Azərbaycana pul köçürmələri 2021-ci ilə nisbətən 4,8 dəfə və ya 2,3 milyard dollar artıb.