Bu il könüllü sığorta 28%, icbari sığorta isə 38% artıb.
2023-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 341 milyon 853.9 min manat, icbari sığorta növləri üzrə 125 milyon 676,4 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 27.7% və ya 74 milyon 108.9 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 38% və ya 34 milyon 650.3 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 64.4% artaraq 102 milyon 501,9 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 3.3% artaraq 32 milyon 99.7 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-aprel aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 30 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 4 ayında 23.3 manata bərabər olub. Bu ilin yanvar-aprel ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 25.5 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 4 ayında 34.1 manata bərabər idi.