Paşha Bank
Bank Of Baku

Dünya Bankı: Xidmət sektoru Azərbaycan üçün əsas inkişaf istiqamətlərindən biri ola bilər

Dünya Bankı: Xidmət sektoru Azərbaycan üçün əsas inkişaf istiqamətlərindən biri ola bilər
# 06 oktyabr 2026 11:01 (UTC +04:00)

Azərbaycanın gələcək iqtisadi artımında xidmət sektoru mühüm rol oynaya bilər.

“APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə baş ölkə iqtisadçısı Steve Loris Gui-Diby Bakıda keçirilən “Fitch Azərbaycanda” tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycan dayanıqlılıq və “yaşıl” məhsulların inkişafı baxımından müəyyən potensiala malikdir. Dünya Bankının bu istiqamətdə apardığı ilkin təhlillər də potensialın olduğunu göstərir.

Bununla belə, Gui-Diby qeyd edib ki, bu potensialın reallaşdırılması vaxt tələb edə bilər və proses birbaşa xarici investisiyaların cəlbi ilə sıx bağlıdır. Bunun üçün investorların ölkədə fəaliyyət göstərməsini asanlaşdıran investisiya mühitinin formalaşdırılması vacibdir.
Dünya Bankının rəsmisi Azərbaycanın gələcək iqtisadi artım imkanlarından danışarkən emal sənayesinin inkişafının müəyyən çətinliklərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ölkənin daxili bazarının ölçüsü xarici investor üçün əsas cəlbedici amil olmaya bilər və regional bazarlara çıxışda da rəqabət mövcuddur.

Gui-Diby bu baxımdan xidmət sektorunun Azərbaycan üçün daha perspektivli istiqamətlərdən biri olduğunu qeyd edib.

“Xidmət sektorunda dənizə çıxışın olmaması və məsafə kimi amillər eyni dərəcədə məhdudiyyət yaratmır. Azərbaycanda biznes, istedad, bilik və insan kapitalı var”, – o bildirib.

Onun sözlərinə görə, növbəti məsələ xarici və yerli şirkətlərin bu imkanlardan istifadə etməsinə mane ola biləcək məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin göstərilməsi üçün xərclərin azaldılması və investorlar üçün daha proqnozlaşdırıla bilən çərçivənin formalaşdırılmasıdır.

Gui-Diby əlavə edib ki, müvafiq islahatların həyata keçirilməsi Azərbaycanın xidmət sektorunun inkişafına və gələcəkdə xidmət ixracının genişləndirilməsinə imkan yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR