“City Finance” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “City Finance” BOKT-un xalis mənfəəti 2021-ci illə müqayisədə 92.5% artaraq 3 milyon 59.7 min manat təşkil edib. 2021-ci ildə təşkilatın xalis mənfəəti 1 milyon 589,4 min manata bərabər olub.
Hesabat dövründə təşkilat müştərilərə 23 milyon 720.6 min manat ( illik müqayisədə 32,6% çox) kredit verərək 5 milyon 518.3 min manat faiz gəliri əldə edib. Faiz xərcləri 136.1 min manat olan təşkilat 99.9 min manat kredit zərərləri üçün ehtiyat yaradıb. Beləliklə “City Finance”nın xalis faiz gəlirləri 5 milyon 282.2 min manat olub ki, bu da illik müqayisədə 89% çoxdur.
2022-ci ildə təşkilatın cəmi aktivləri 32.5% və ya 6 milyon 54.1 min manat artaraq 24 milyon 662,6 min manat, cəmi öhdəlikləri isə 26% və ya 2 milyon 994,3 artaraq 14 milyon 508,3 min manat təşkil edib.
2023-cü il yanvar ayının 1-nə “City Finance” BOKT-un cəmi kapitalı 10 milyon 154.3 min manat olub ki, bu illik müqayisədə 43.1% çoxdur.
2022-ci ildə səhmdarların pay bölgüsü dəyişib. Belə ki, ötən ilə qədər 5 milyon manat nizamnamə kapitalı olan “City Finance” BOKT-un səhmlərinin 100%-i “AGA” şirkətlər qrupuna məxsus idi. 2022-ci ildə isə təşkilatın səhmlərinin 27.5%-i (1 milyon 375 min manatı) Habib Zadeh Mohammed Reza Parvizə satılıb.