2023-cü ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 532,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 2,7 milyard manat təşkil edib.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,8% artaraq 148,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5% artıb və 110,1 milyon manat təşkil edib.
Qeyd edək ki, icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artaraq 765,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8% artıb və 539,2 milyon manat təşkil edib.