Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə 2024-cü il dövlət büdcəsindən 1392,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə 75,8 milyon manat və ya 5,2 faiz azdır.
APA xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Bu vəsaitin Fondun xərclərinin tərkibində xüsusi çəkisi 3,2 faiz-bənd azalaraq 20,2 faiz təşkil edəcək.
Məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və psixo- pedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması, eləcə də bir sıra dövlət proqramlarının icrasının təmin edilməsi xərcləri üçün 2024-cü ilin dövlət büdcəsində 7,1 milyon manat vəsait nəzərdə tutulub.