Dünya Bankı Orta dəhlizin inkişafında Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir

Dünya Bankı Orta dəhlizin inkişafında Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir
# 01 mart 2024 13:40 (UTC +04:00)

Azərbaycan logistika platformalarının və gömrük nəzarətinin inkişafı, Orta dəhlizlə səyahət vaxtının qısaldılması istiqamətində sistematik işlər görür göstərir və bu sahədəki fəaliyyəti uğurlu olub.

Bunu APA-nın Gürcüstan bürosuna müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Nəqliyyat Təcrübəsi Meneceri Şomik Rac Mehndiratta deyib.

O, dəhlizə marağın artırılması məqsədilə dəyişikliklərin bütün səviyyələrdə həyata keçirilməli olduğunu vurğulayıb: “Azərbaycan bir çox yollarla Orta dəhlizin inkişafına töhfə verir. Bu elə bir töhfədir ki, biz bunu bütün səviyyələrdə görmək istəyirik. Azərbaycan ötən iki-üç il ərzində logistika platformalarının, gömrük nəzarətinin inkişafı, səyahət vaxtının qısaldılması istiqamətində sistematik fəaliyyət göstərib və bunu kifayət qədər uğurla həyata keçirib. Bir sözlə bir çox yaxşı işlər görülüb. Bəs indi nə etməliyik? Biz indi bu dəyişikliklərin bütün səviyyələrdə aparılmasını təmin etməliyik. Növbəti addım bu olmalıdır. Mən düşünürəm ki, Azərbaycan fantastik iş görüb, bizim danışdığımız bəzi məsələlərə həqiqətən də diqqət ayırır”.

Mehndiratta əlavə edib ki, Ukrayna müharibəsi fonunda dünyanın Orta dəhlizə marağı artıb və bunun müharibədən sonra da davam etməsi üçün indi dəhliz özünü isbat etməlidir:

“Ukraynada müharibənin başa çatmasından sonra bura hələ də marağın qalıb-qalmaması indi görüləcək işlərdən asılı olacaq. Əgər Orta dəhliz səyahət vaxtını nəzərəçarpan səviyyədə azaltmağa nail olarsa, daha proqnozlaşdırılan və nisbətən aşağı qiymətə olarsa o zaman qalacaq, əgər bunu bacarmasa, uğursuz ola bilər. Ona görə də diqqəti cəlb etmək və bunu birgə səylərlə daimi dəyərə çevirmək lazımdır. İndi Orta dəhlizin dövrüdür. Dəhliz hər zaman orada olub, lakin lokal ehtiyaclar üçün istifadə edilib. İndi isə geosiyasi səbəblərə görə bütün dünyanın gözü ora yönəlib. İndi Orta dəhlizin Avropa İttifaqı (Aİ) ilə Çin arasında nəqliyyat üçün real alternativ olduğunu sübut etməsinin vaxtıdır. Burada lokal nəqliyyatın üstünlüyü davam edəcək, lakin eyni zamanda Çin-Aİ trafiki həyata keçiriləcək”.

Mehindratta Azərbaycanın bu mərhələdə Dünya Bankı ilə müxtəlif istiqamətlərdə əməkdaşlığa başlamaqda olduğunu qeyd edib: “Bizim Azərbaycanla bütün əməkdaşlığımız Ölkə ilə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi adlanan strateji sənəd çərçivəsindədir, bu, hazırda inkişaf etdirilir. Bu sənəd, potensial nəqliyyat, Orta dəhliz də daxil olmaqla bir çox sahələrdə işləri ehtiva edir”.

Bank nümayəndəsi Azərbaycan və Ermənistan arasında regional nəqliyyat dəhlizlərinin açılmasına da münasibət bildirib. O, Orta dəhlizdən əldə edilən gəlirlərin böyük olacağını və sülhün hər zaman ölkələrin iqtisadi inkişafına yardım etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR