Paşha Bank
Bank Of Baku

"Fitch Solutions": 2026-2027-ci illərdə Azərbaycanın büdcə profisiti 2%-dən çox olacaq

"Fitch Solutions": 2026-2027-ci illərdə Azərbaycanın büdcə profisiti 2%-dən çox olacaq
# 08 oktyabr 2026 13:26 (UTC +04:00)

“Fitch Solutions” şirkəti Azərbaycanın 2026 və 2027-ci illərdə ümumi dövlət idarəetmə sektoru üzrə büdcəsinin profisitlə icra olunacağını proqnozlaşdırır.

“APA-Economics” xəbər verir ki, bu barədə şirkətin Azərbaycan iqtisadiyyatına dair hesabatında bildirilib.

Hesabata əsasən, Azərbaycanın ümumi dövlət idarəetmə sektoru üzrə büdcə profisitinin 2026-cı ildə ÜDM-in 2,4%-ni, 2027-ci ildə isə 2,2%-ni təşkil edəcəyi gözlənilir.

Şirkət qeyd edib ki, 2025-ci ilin sonlarında və 2026-cı ilin birinci yarısında büdcə gəlirlərinin gözləntiləri üstələməsi ölkənin fiskal perspektivlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.

Bununla əlaqədar “Fitch Solutions” əvvəlki gözləntilərinə yenidən baxaraq Azərbaycanın hər iki ildə büdcə profisiti qeydə alacağını proqnozlaşdırıb. Bununla belə, profisitin 2027-ci ildə nisbətən azalacağı gözlənilir.

Şirkətin analitiklərinin qiymətləndirməsinə görə, müsbət fiskal göstəricilər yüksək qlobal enerji qiymətləri hesabına neft-qaz gəlirlərinin artması, ehtiyatlı büdcə siyasəti və qeyri-neft sektorundan vergi daxilolmalarının davamlı yüksəlməsi ilə əlaqədardır.

Hesabatda bildirilir ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsi fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini göstərir. Bu çərçivədə qeyri-neft gəlirlərinin payının artırılması və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən asılılığın azaldılması əsas prioritetlər kimi qiymətləndirilir.

“Fitch Solutions”un proqnozuna görə, 2026-cı ildə qeyri-neft gəlirləri dövlət büdcəsi gəlirlərinin 57,4%-ni təşkil edəcək. Şirkət bunu büdcənin gəlir bazasının genişləndirilməsi və daha dayanıqlı maliyyələşmə mənbələrinin formalaşdırılması istiqamətində irəliləyiş kimi qiymətləndirir.

Analitiklər həmçinin qeyd ediblər ki, hökumətin büdcə hesablamalarında neftin qiyməti ilə bağlı mühafizəkar yanaşması xarici bazarlardakı dəyişkənliklərə qarşı əlavə müdafiə yaradır. Mövcud enerji bazarı şəraitinin də ölkənin fiskal göstəricilərini ümumilikdə dəstəklədiyi vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR