Azərbaycanda fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85%-dən 56%-ə, kreditlərin dollarlaşması müvafiq olaraq 52%-dən 35%-ə qədər aşağı düşüb.
“APA-Economics”in məlumatına görə, bunu iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, kredit aktivliyi davam edir və cari ilin altı ayında kreditlər 3,6% artıb: “Lakin bu zaman başlıca olaraq bu artım 9%-dən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3% azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50%-ə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər”.
Mərkəzi Bankın sədri həmçinin əlavə edib ki, bu gün bank sektorunda əhəmiyyətli likvidlik olsa da, biznes kreditlər artmır.
“Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin. Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin kompensasiya olunması prosesi tam başa çatıb, bu vəsaitlər əhaliyə ödənilib. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıb. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik”, - deyə E. Rüstəmov deyib.
E. Rüstəmov həmçinin bildirib ki, sentyabr ayında ölkə başçısının Fərmanı ilə müəyyən edilən sosial paketin ikinci mərhələsi başlayır.
“Bütövlükdə bunu təkcə sosial bir paket kimi yox, həm də yeni iqtisadi artım modelinin bir amili kimi görürük. Çünki bütövlükdə əhalinin daxili tələbatının canlanması daxili istehsalın canlanmasına, ixracın şaxələnməsinə dəstək verəcək. Amma başlıca vəzifəmiz bütövlükdə bu sosial proqramların, əhalinin real gəlirlərinin artması prosesini dəstəkləmək, aşağı inflyasiyaya nail olmaqdır. Burada Mərkəzi Bankın hökumətlə çox yaxşı əlaqələndirilmiş işi nəzərdə tutulur. Biz bu məsələləri Maliyyə Sabitliyi Şurasında müntəzəm müzakirə edirik. Hesab edirik ki, biz buna nail ola biləcəyik”, - deyə E. Rüstəmov qeyd edib.