2023-cü ilin birinci rübündə “Expressbank”ın xalis mənfəəti azalıb.
“APA-Economics” bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “Expressbank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% və ya 66 min manat azalaraq 3 milyon 441 min manata enib.
Hesabat dövründə bankın xalis faiz gəlirləri 1.9% artaraq 9 milyon 644 min manat, əməliyyat mənfəəti isə 11.8% artaraq 3 milyon 865 min manat təşkil edib.
Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artaraq 299 milyon 516 min manata bərabər olub.
Cari ilin birinci rübündə bankın depozit portfeli 186 milyon 461 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri 151 milyon 273 min manat, hüquqi şəxslərin depozitləri isə 35 milyon 208 min manat təşkil edib.
Hesabat dövründə “Expressbank”ın aktivlərinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20.3% artaraq 440 milyon 633 min manata, cəmi öhdəliklərinin həcmi isə 34.2% artaraq 320 milyon 506 min manata yüksəlib.
Bankın cəmi kapitalı 8 milyon manata yaxın azalıb. Belə ki, 2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 120 milyon 126 min manata bərabər olub ki, bu göstərici illik müqayisədə 5.7% və ya 7 milyon 270 min manat azdır.