Düzgün xərclənməyən vəsaitlə bağlı Hesablama Palatası materialları prokurorluq orqanlarına göndərəndən sonra o işin axırı necə olur?
APA xəbərverir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.
“Cəmiyyətdə bilinsə ki, hansısa bir təşkilat filan qədər vəsaiti düzgün xərcləməyib, nəticəsində məhkəmə qərarı ilə müəyyən addımlar atılıb, o birilərinə də dərs olar”, - deyə deputat vurğulayıb.
Vahid Əhmədov isə deyib ki, satınalmalar ən ağrılı yerimizdir: “O hesabat yoxdur ki, orada satınalmalar ilə bağlı problem olmasın. İndiki hesabatda da belə nöqsanlar aşkarlanan nöqsanların 26-27% təşkil edir. Özü də nöqsanlar elə nöqsanlardır ki, hər dəfə təkrarlanır, hamısı eyni məsələlərdir. Bu nöqsanların təkrar olunması Hesablama Palatasının fəaliyyətinə kölgə salır. Ciddi tədbirlər həyata keçirməliyik ki, bu problemlər aradan qaldırılsın”.