“İpək Yolu Sığorta”nın xalis mənfəəti 27% azalıb - Hesabat

“İpək Yolu Sığorta”nın xalis mənfəəti 27% azalıb - Hesabat
# 22 fevral 2024 12:42 (UTC +04:00)

“İpək Yolu Sığorta” ASC 2023-cü ili 667,3 min manat xalis mənfəətlə bitirib ki, bu isə 2022-ci ilə nisbətən 27% və ya 246 min manat azdır.

"APA-Economics" bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir. Sığorta şirkəti 2022-ci ili 913,2 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə, “İpək Yolu Sığorta”nın əsas əməliyyat gəlirləri 17,6% və ya 3,6 milyon manat azalaraq 17,03 milyon manata enib. 2022-ci ildə bu rəqəm 20,7 milyon manat təşkil edib. Əsas əməliyyat gəlirlərinin kəskin azalmasına səbəb ötən sığorta şirkətinin birbaşa sığorta yığımlarının 4 milyon manat azalaraq 16,5 milyona enməsi olub.

Sığorta şirkətinin investisiya gəlirləri 526,9 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 12,3% və ya 57,7 min manat çoxdur. Bu dövrdə, “İpək Yolu Sığorta”nın subroqasiya gəlirləri 2,5 min manat, sair gəlirləri isə 2,1 milyon manata kimi (2022-ci ildə bu rəqəm 25,8 min manat olub) artıb. Nəticədə, şirkətin cəmi gəlirləri 19,8 milyon manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 4% azdır.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 3,4% azalaraq 17,2 milyon manata enib, sığorta ödənişləri 3,4 dəfə artaraq 620,2 min manata, işlərin aparılması xərcləri isə 6,2% artaraq 1,8 milyon manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 2,6% azalaraq 19,01 milyon manata enib.

2023-cü ildə “İpək Yolu Sığorta”nın maliyyə mənfəəti 27% azalaraq 834,1 min manat, mənfəət vergisi üzrə ödəməsi 21,8% azalaraq 166,8 min manata enib.

Sığorta şirkəti ötən il 1,5% kiçilib. Belə ki, 2024-cü ilin yanvarın 1-nə “İpək Yolu Sığorta”nın cəmi aktivləri 32,2 milyon manatdan 31,7 milyon manata kimi azalıb. Şirkətin cəmi öhdəlikləri 1,8% azalaraq 16,3 milyon manata, cəmi kapitalı isə 0,6% azalaraq 15,5 milyon manata enib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR