Bu ilin iyulun 1-i tarixinə Azərbaycanda ləğv prosesində olan 19 bank üzrə 63 888 əmanətçiyə 1 milyard 730 milyon manata yaxın kompensasiya məbləği ödənilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Sevinc Səlimova Fondun Milli Mətbuat Gününə həsr olunmuş Dialoq və Əməkdaşlıq Forumunda bildirib.
O qeyd edib ki, 2016-cı ildə Fond 11 bankın ləğvedicisi təyin edilib. Daha sonra, 2020-ci ildə eyni gündə fəaliyyəti dayandırılan dörd bank -Amrah Bank, AGBank, NBC Bank və AtaBank üzrə də Fond ləğvedici təyin olunub:
“2021-ci ildə tam əmanət sığortası sistemi başa çatıb və kompensasiya limiti 100 min manat məbləğində müəyyən edilib. 2023-cü ildə isə Günay Bank və Muğan Bankın ləğvedicisi kimi də Fond fəaliyyətə başlayıb”.
Onun sözlərinə görə, hazırda Əmanətlərin Sığortalanması Fondu ümumilikdə 22 bankın ləğvedicisi kimi fəaliyyət göstərir.