Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kanda ikinci müddətə Bankın prezidenti seçilib.
"APA-Economics" xəbər verir ki, AİB-in İdarəçilər Şurasının üzvləri keçirilmiş seçkidə Masato Kandanın namizədliyini yekdilliklə dəstəkləyiblər.
Onun yeni 5 illik səlahiyyət müddəti 24 noyabr 2026-cı ildən başlayacaq.
Masato Kanda ilk dəfə 27 noyabr 2024-cü ildə AİB-in 11-ci prezidenti seçilib və 24 fevral 2025-ci ildə vəzifəsinin icrasına başlayıb. O, sələfi Masatsuqu Asakavanın başa çatmamış səlahiyyət müddətini tamamlayıb.
Kanda bildirib ki, Asiya-Sakit okean regionunda iqtisadiyyatlar əvvəlki şokların təsirindən tam çıxmamış yeni risklərlə üzləşir, beynəlxalq nizam isə son onilliklərin ən ciddi təzyiqi altındadır. Onun sözlərinə görə, AİB region üçün sabitlik dayağı rolunu oynamalı, eyni zamanda üzv ölkələrin ehtiyaclarına daha sürətli və daha böyük həcmdə maliyyə dəstəyi göstərməlidir.
Qeyd edək ki, Kandanın prezidentliyi dövründə AİB üzv ölkələrə maliyyə dəstəyini əhəmiyyətli dərəcədə artırıb. 2025-ci ildə Bankın ümumi maliyyə dəstəyi rekord həddə — 44 milyard ABŞ dollarına çatıb. Bunun 29 milyard dollardan çoxu AİB-in öz resursları, təxminən 15 milyard dolları isə birgə maliyyələşdirmə hesabına təmin olunub.
AİB Nizamnaməsinə edilmiş dəyişiklik nəticəsində Bankın illik maliyyələşdirmə imkanlarının 50% artırılması üçün hüquqi baza da yaradılıb. Bununla AİB-in öz resursları hesabına illik maliyyələşdirməsinin 36 milyard dolları ötəcəyi gözlənilir.
Masato Kanda AİB-ə qoşulmazdan əvvəl 2024-2025-ci illərdə Yaponiyanın Baş naziri və maliyyə nazirinin xüsusi müşaviri, 2021-2024-cü illərdə isə beynəlxalq məsələlər üzrə maliyyə nazirinin müavini olub. O, həmçinin G7 və G20 daxil olmaqla əsas beynəlxalq platformalarda Yaponiyanı təmsil edib.
1966-cı ildə yaradılan Asiya İnkişaf Bankının 69 üzvü var, onların 50-si Asiya-Sakit okean regionundandır