Azərbaycanlı jurnalistlər İsraildə keçirilən media tur çərçivəsində Yerusəlimin İçərişəhəri ilə tanış olublar.
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələri İçərişəhərdə yerləşən Əl-Əqsa məscidi və Qübbətüs-Səxrə (Dome of the Rock) kompleksi, Müqəddəs Qəbir kilsəsi və Ağlama divarına (Qərb divarı) baş çəkiblər.
Jurnalistlər səfər çərçivəsində bu müqəddəs məkanların tarixi, dini və mədəni əhəmiyyəti ilə tanış olub, Qüdsün qədim şəhər mühitini və burada müxtəlif dini icmaların irsini yaxından müşahidə ediblər.
Yerusəlimin İçərişəhəri yəhudilər, xristianlar və müsəlmanlar üçün böyük dini və tarixi əhəmiyyət daşıyan məkanlardan biridir. Ərazi UNESCO-nun Dünya İrsi siyahısına 1981-ci ildə daxil edilib.
əl-Əqsa məscidi Qüdsün Haram əş-Şərif kompleksinin əsas dini tikililərindən biridir və İslamın ən müqəddəs məkanlarından sayılır. əl-Əqsa kompleksi Qübbətüs-Səxrə də daxil olmaqla bir sıra dini tikililəri əhatə edir.
Qubbətus-Saxra (Dome of the Rock) kompleksin ən məşhur memarlıq abidələrindən biridir. VII əsrin sonlarında Əməvilər dövründə inşa edilən tikili İslam memarlığının ən qədim qorunub saxlanmış nümunələrindən biri hesab olunur. Qızılı günbəzi ilə əsas simvollarından biridir.
Müqəddəs Qəbir kilsəsi İçərişəhərin xristian məhəlləsində yerləşir. Xristian ənənəsinə görə, İsa Məsihin çarmıxa çəkildiyi, dəfn olunduğu və dirildiyi məkanlarla əlaqələndirilir. Kilsə müxtəlif xristian məzhəbləri tərəfindən birgə idarə olunur.
Ağlama divarı (Qərb divarı) yəhudilər üçün ən müqəddəs ibadət məkanlarından biri hesab olunur. Divar qədim Məbəd dağının qərb istinad divarının günümüzə qədər gəlib çatan hissəsidir və burada hər gün ibadət edən insanlar toplaşır.