Dövlət satınalmaları haqqında qanun növbəti il yanvar ayının 1-də qüvvəyə minəcək.
“APA-Economics” xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda keçirilən tədbirdə deyib.
M. Abbasbəyli bildirib ki, Qanunun 14 iyul 2023-cü ildə imzalanmasına baxmayaraq tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub.
"Bu müddət ərzində iki əsas məqama diqqət yetirirdik. Birinci məsələ, qanuna müvafiq olaraq Normativ aktların hazırlanması idi. Burada söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. Digəri isə, bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması məsələsi idi. Bu qanun 2024-cü ildə "yaşamağa başlayacaq" və müəyyən problemlər olacaq. Əminəm ki, hər birimiz bu qanunun tətbiqdə ola biləcək müəyyən məqamları qeyd etməliyik", - deyə o vurğulayıb.
M. Abbasbəyli əlavə edib ki, qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur. Yəni bu prinsiplər şəffaflıq, bərabərlik, qərərsizlik, peşəkarlıq və keyfiyyət əsaslı rəqabətlilikdir.