Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılmasını hədəfləyən təlimlərin təşkil olunması davam etdirilir. Bu istiqamətdə növbəti təşəbbüs Quba şəhərində “Yaşıl maliyyə” mövzusunda təlimin keçirilməsi olub.
"APA-Economics" xəbər verir ki, 20-yə yaxın media nümayəndəsinin iştirakı ilə baş tutan təlimdə yaşıl maliyyə alətləri və infrastrukturu, dayanıqlılıq prinsipləri və bu sahədə beynəlxalq təcrübələr üzrə məlumatlar əhatə olunub. Təlim çərçivəsində Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsindəki strateji prioritetləri və təşəbbüsləri də diqqətə çatdırılıb. Təlim sual-cavab sessiyası ilə tamamlanıb.
Daha sonra media nümayəndələrinin Mərkəzi Bankın Quba Regional Mərkəzinə və Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.