Moody’s: Azərbaycan bank sektorunun mənfəətliliyi 2024-cü ildə artmaqda davam edəcək

Moody’s: Azərbaycan bank sektorunun mənfəətliliyi 2024-cü ildə artmaqda davam edəcək
# 05 mart 2024 13:08 (UTC +04:00)

Azərbaycan bank sektorunun mənfəətliliyi 2024-cü ildə artmaqda davam edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentlik qeyd edib ki, Azərbaycan banklarının aktivlərinin gəlirliliyinin yaxşılaşacağını, 2024-cü il üçün təxminən 3%-ə qədər artacağını gözləyir. 2023-cü ildə bu rəqəm 2,2% təşkil edib.

Qeyd edilib ki, yüksək xalis faiz gəlirləri, komissiya gəlirləri və aşağı kredit itkisi üçün ehtiyat ayırmaları bankların əməliyyat gəlirlərini dəstəkləyəcək: "Son illər iqtisadiyyatın bərpası fonunda güclü kredit tələbi kontekstində istehlak kreditləri və kiçik və orta sahibkarlığın cəlb etdiyi kreditlər üzrə bankların gəlirləri artıb. Bununla belə, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini endirməsi və məcburi ehtiyat tələblərinin artırılması səbəbindən xalis faiz gəlirlərinin 2024-cü ildə sabitləşəcəyini gözləyirik".

"Moody’s" hesab edir ki, bu il bank sektorunda maliyyələşdirmə və likvidlik sabit olacaq. "Azərbaycan bankları əsasən müştəri depozitləri ilə maliyyələşir ki, bu da 2023-cü ildə təqribən 1,8% artıb. Sektor üzrə əmanət portfelinin artması əhalinin əmanətlərindəki 10%-lik artımın nəticəsidir. Müştərilərin depozitləri bankın ümumi öhdəliklərinin 80%-dən çoxunu təşkil edib. Bankların topdansatış və xarici maliyyələşdirmədən asılılığı məhduddur, onların yenidən maliyyələşdirmə riskləri isə nisbətən aşağıdır. Azərbaycanda xarici valyutada əmanətlərin payı 2022-ci ilin sonundakı 47%-dən 2023-cü ilin sonuna 39%-ə (2016-cı ildə 70%-dən çox) azalıb. Bundan əlavə, bank sektorunun aktivlərinin 40%-dən çoxu likvid formada olub və nağd pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, xarici şoklara qarşı güclü bufer təmin edən suveren və kvazi-suveren borc qiymətli kağızlarına investisiyalardan ibarətdir" - Agentlik əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR