“Cənub Qaz Dəhlizi” QSC artıq sərbəst maliyyə axınına malik olub və o, öz vəsaiti hesabına borcları təmin edir.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxış edərkən Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Cənub Qaz Dəhlizi layihəsi üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmamışdır, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər.
“Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MIGA ilə bizim “Cənub Qaz Dəhlizi” şirkəti tərəfindən kredit müqaviləsi bağlanıb – 750 mln. ABŞ dolları məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni, həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”, - S. Şərifov əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazı Cənubi Qafqaz qaz kəməri, yeni tikilən Trans-Anadolu kəməri və tikilməkdə olan Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə Avropaya nəqlini təmin edəcək.