Bank Of Baku

Nazir müavini: Bu il Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin 15% artacağı proqnozlaşdırılır - FOTO

Nazir müavini: Bu il Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin 15% artacağı proqnozlaşdırılır - FOTO
# 05 aprel 2023 10:45 (UTC +04:00)

Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında İqtisadi-ticarət missiyası və birgə biznes-forumu keçirilib.

APA xəbər verir ki, tədbirdə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev, Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO rəhbərinin müşaviri Zöhrab Qədirov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılışında çıxış edən Kayrat Torebayev ölkələrimiz arasında ticarət əlaqələrinin gələcəkdə də genişlənəcəyinə inamını bildirib: "Bizim Azərbaycana xüsusi maraq göstərməyimiz təsadüfi deyil, ölkələrimizi və xalqlarımızı çoxlu amillər birləşdirir ki, bunlardan biri qarşılıqlı ticarət əlaqələridir. Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən il 262 milyon ABŞ dolları olub və bu il ticarət dövriyyəsinin 15 faiz artacağı proqnozlaşdırılır. Azərbaycanda keçirilən biznes-forumda 23 Qazaxıstan şirkəti iştirak edir. Bu şirkətlər maşınqayırma, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələri əhatə edir.

Qazaxıstanda 1170-dən çox şirkət Azərbaycan kapitalı ilə fəaliyyət göstərir. Qazaxıstandan Azərbaycana ixrac edilən məhsulların içində üzən avadanlıqlar, dəmiryol relsləri, dənli bitkilər və sair var. Azərbaycandan isə müxtəlif avadanlıqlar və boru alışı xeyli dərəcədə artıb”.

O bildirib ki, Qazaxıstanda "Azərbaycan ticarət evi" fəaliyyət göstərir: “Ticarət evi Astana şəhərində yerləşir. Düşünürəm ki, belə bir ticarət evi Alma-ata şəhərində də açılmalıdır, çünki bu şəhər bizim biznes mərkəzlərimizdən biridir. Qeyd etməliyəm ki, Bakıda da mütləq “Qazaxıstan ticarət evi” açılmalıdır və bu da öz növbəsində ölkələrimiz arasında ticarət sahəsində informasiya mübadiləsini xeyli asanlaşdıracaq".

Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd Qazaxıstan müəssisələri ilə Azərbaycanın potensial idxalçıları, treyderləri və distributorları arasında birbaşa əlaqələrin qurulması, ticarət əlaqələrinin intensivləşdirilməsidir.

Tədbirin təşkilatçıları Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi və “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzidir.

Forum 04-06 aprel tarixlərində davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR