Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2024/2025-ci tədris ilində 300-dən çox adda təqribən 7,8 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 21,5 milyon manat ayrılıb.
APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Həmçinin qeyd olunub ki, xüsusi təhsilə cəlb olunan 13 285 nəfərin (2023-cü illə müqayisədə 469 nəfər çox) valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinətin ödənilməsi üçün 8 milyon manat ayrılması nəzərdə tutulub.
Qeyd olunanlarla yanaşı, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan 105 min nəfərdən çox uşağın sağlam qidalanmasının təmin edilməsi məqsədilə 2023-cü illə müqayisədə 2024-cü il üçün 5 milyon manat və ya 4,1 faiz artımla proqnozlaşdırılaraq 128,4 milyon manata çatdırılıb.