Azərbaycana idxal edilən ev toyuqları (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) üçün tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
İdxal olunan ev toyuqlarının 1 kq-na 1 ABŞ dolları rüsumun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb.
Bu müddətdən sonra ev toyuqlarının 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
Eyni zamanda ölkəyə idxal olunan 1000 ədəd toyuq yumurtasına tətbiq olunan 100 ABŞ dolları gömrük rüsumunun qüvvədə olma müddəti də 2 il artırılıb.
Qeyd edilək ki, bu qərar ölkə daxilində məhsul istehsalıyla bağlı daxili bazarın qorunmasını nəzərdə tutur.