Səhmlərində dövlətin payı olan “Azər-Türk Bank” ASC proqnozlaşdırıldığı halda büdcəyə dividend ödəməyib.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydə bildirilib.
"Təqdim edilən məlumatlara əsasən, “Azər-Türk Bank” ASC-nin 2021-ci maliyyə ilini 554,0 min manat mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının qorunması adı ilə dividend kimi səhmdarlara ödənilməyib və bankın kapital hesablarına aid edilib"- Palata açıqlayıb.
Qeyd edək ki, “Azər-Türk Bank”ın 2022-ci ildə mənfəətindən dövlət büdcəsinə 1,5 milyon manat dividend ödənilməsi proqnozlaşdırılmışdı.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i “Ziraat Bank”a, 11%-i “Ziraat Bank International”a, 6,5%-i “AzRe Reinsurance”yə, 5%- isə "Qala Həyat" sığorta şirkətinə məxsusdur.