"PAŞA Bank" ASC 2023-cü ilin I rübü (yanvar-mart) üzrə maliyyə göstəricilərini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, "PAŞA Bank"ın bu ilin ilk rübündə xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 10,2% və ya 3 milyon 905 min manat artaraq 42 milyon 231 min manata yüksəlib. Belə ki, 2022-ci ilin eyni dövründə bank 38 milyon 326 min manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 33,4% və ya 32 milyon 690 min manat artaraq 130 milyon 494 min manata yüksəlib. "PAŞA Bank"ın cəmi əməliyyat xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 65 milyon 88 min manata bərəbər olub. Bu isə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19,9% və ya 10 milyon 809 manat çoxdur.
Bu il aprelin 1-nə "PAŞA Bank"ın cəmi aktivləri 2% artaraq 8 milyard 693 milyon manata, o cümlədən kredit portfeli 0,6% böyüyərək 2 milyard 686,2 milyon manata çatıb.
Bankın cəmi öhdəlikləri 1,5% artaraq 7 milyard 972,6 milyona, o cümlədən depozit portfeli isə 1,4% artaraq 7 milyard 105,3 milyon manata yüksəlib. Bankın cəmi kapitalı 720 milyon 349 min manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 8,7% çoxdur.