Bank Of Baku

Qüdrət Həsənquliyev: Tikintiyə icazə səlahiyyəti bələdiyyələrə verilməlidir

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 14 noyabr 2023 12:22 (UTC +04:00)

“Təəssüf ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir. 2023-cü ildə Ümum Daxili Məhsul real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir: “Dövlət müəssisələri, xəstəxanalar, xidmət sahələri özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə İqtisadiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhfə vermək olmaz. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq”.

Qüdrət Həsənquliyev bildirib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”.

Deputatın sözlərinə görə, qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir: “Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Bu sahədə islahatlar aparılmalı, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu belədir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Bələdiyyələrə həm də öz təşəbbüsü ilə tikinti üçün yerlərin sənədlərini paket halında hazırlayıb hərraclarda tikinti şirkətlərinə satmaq səlahiyyəti verilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR