“Yapı Kredi Bank Azərbaycan” 2022-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" banka istinadən xəbər verir ki, “Yapı Kredi Bank Azərbaycan” xalis zərərdən mənfəətə çıxıb. Belə ki, bank bu ilin doqquz ayı üzrə 391,51 min manat xalis mənfəət açıqlayıb. Ötən ilin eyni dövründə bankın xalis zərəri 746.29 min manat təşkil etmişdi.
Bu ilin yanvar-sentyabr aylarında “Yapı Kredi Bank Azərbaycan”ın faiz gəlirləri 9,4% artaraq 18,533 milyon manata, faiz xərcləri 50% artaraq 1,514 milyon manata, xalis faiz gəlirləri 7,8% artaraq 17,019 milyon manata çatıb.
“Yapı Kredi Bank Azərbaycan”ın qeyri-faiz gəlirləri 13,393 milyon manat (33% çox), qeyri-faiz xərcləri 22,781 milyon manat (7,5% çox) təşkil edib. Bank mümkün zərərlər üzrə ehtiyat ayırmaları 6,755 milyon manata kimi (34% çox) artırıb.
Bu ilin oktyabrın 1-nə bankın aktivləri 3,8% azalaraq 379,564 milyon manata enib, kredit portfeli isə 25,3% böyüyərək 218,948 milyon manata çatıb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 5,1% azalaraq 296,774 milyon manata, o cümlədən depozit portfeli 6,6% kiçilərək 266,849 milyon manata düşüb. Şirkətlər doqquz ayda “Yapı Kredi Bank Azərbaycan”dan 24,870 milyon manat vəsaiti geri çəkib. Belə ki bankda hüquqi şəxslərin depozitləri 11,6% azalaraq 191,780 milyon manata düşüb. Bankın cəmi kapitalı isə 0,8% artaraq 82,790 milyon manata bərabər olub.