Kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payı ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.
APA xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da müvadiq dəyişiklik edib.
Qərara əsasən,kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.