Azərbaycanda təxminən 120 müəssisə Avropa İnvestisiya Bankının (AİB) maliyyələşmə imkanlarından faydalanıb.
“APA-Economics” xəbər verir ki, bunu AİB Qrupunun Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Stella Renita Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, bank Azərbaycanda özəl sektorun maliyyələşdirilməsini əsasən yerli banklar vasitəsilə həyata keçirir.
Bu mexanizm çərçivəsində AİB-in vəsaitləri tərəfdaş banklar tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinə əlverişli şərtlərlə yönəldilir.
S. Renita bildirib ki, bank özəl sektorla yanaşı, dövlət layihələrini və müəyyən tələblərə cavab verən iri şirkətləri də maliyyələşdirir.
O vurğulayıb ki, AİB-in maliyyə alətləri arasında hökumətlərə kreditlərin verilməsi, yerli banklar vasitəsilə kreditləşmə və korporativ maliyyələşmə mühüm yer tutur.