Bank Of Baku

Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

© APA | Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

# 25 sentyabr 2026 17:09 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonuna ölkənin cari əməliyyatlar hesabının profisitinin 6,1 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın iyul proqnozuna əsasən, 2026-cı ilin sonuna qeyri-neft ÜDM-inin artımı 2,4%, cari əməliyyatlar hesabının profisiti isə 6,1 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

Taleh Kazımov bildirib ki, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilindədir və ortamüddətli dövrdə də bu diapazonda qalacağı gözlənilir.

Taleh Kazımovun sözlərinə görə, geosiyasi gərginlik, qlobal ticarətin fraqmentasiyası, əmtəə bazarlarındakı volatillik və iqlim riskləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatların həssaslığını artırır. Belə şəraitdə mərkəzi bankların daha çevik və məlumatlara əsaslanan siyasət yürütməsi zəruridir.

Taleh Kazımov vurğulayıb ki, uzunmüddətli dayanıqlı iqtisadi artım üçün güclü beynəlxalq tərəfdaşlıq getdikcə daha böyük əhəmiyyət daşıyır. Azərbaycanın prioritetlərindən biri infrastrukturun, sənayenin inkişafının və regional layihələrin maliyyələşdirilməsinə beynəlxalq kapitalın cəlb edilməsidir.

Taleh Kazımov əlavə edib ki, Orta Dəhliz üzərində strateji nəqliyyat və logistika mövqeyinə malik Azərbaycan iqtisadiyyatın daha geniş şaxələndirilməsi baxımından xarici investisiyaların cəlb edilməsinə xüsusi əhəmiyyət verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR