Bu ilin doqquz ayında Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10451,4 milyon manat vəsait daxil olub.
Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu, proqnoza nisbətən 970,7 milyon manat və ya 10,2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097,0 milyon manat və ya 64,5 faiz çoxdur.
Daxilolmaların 59,2 faizi və yaxud 6191,7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498,9 milyon manat və ya 31,9 faiz çox olub.
Daxilolmaların qalan 40,8 faizi və yaxud 4259,7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2598,1 milyon manat və ya 2,6 dəfə çox olub.
Bütövlükdə cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olan vəsaitin 20,2 faizi və yaxud 195,9 milyon manatı qeyri-neft sektorunun, 79,8 faizi və yaxud 774,8 milyon manatı neft sektorunun payına düşüb.