2017-ci ilin ilk üç ayında departamentin qeydiyyatında olan vergi ödəyicilərinin sayı 6430 vahid artaraq 242522-yə çatıb.
“APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru Sarxan Məmmədov deyib. Onun sözlərinə görə, 2017-ci ilin ilk rübü ərzində departament tərəfindən 3031 təsərrüfat subyekti, 1668 nəzarət-kassa aparatı, 522 POS-terminal qeydiyyata alınıb: “Departamentin qarşısında duran mühüm vəzifələrdən biri vergi ödəyicilərinin öz biznesini inkişaf etdirməsi, dövriyyələrini artırması, tədricən orta sahibkarlıq subyektinə çevrilməsi üçün onlara maksimum dəstək göstərilməsidir. Bu, sahibkarlığın inkişafı ilə yanaşı, vergi daxilolmalarının potensial artımı üçün də baza təşkil edir. 2017-ci ilin 1-ci rübündə 2715 vergi ödəyicisinin uçot yeri Vergilər Nazirliyi yanında Lokal gəlirlər departamentinə dəyişdirilib ki, bunların da 334-ü ƏDV ödəyicisi, 97-si 6% və 8% dərəcə ilə sadələşdirilmiş vergi dərəcəsi üzrə qeydiyyata alınmış vergi ödəyiciləri olub. Bu bir daha göstərir ki, vergi ödəyicilərinin iqtisadi və maliyyə vəziyyəti yaxşılaşmağa doğru dəyişməkdədir”.
S.Məmmədov qeyd edib ki, 2017-ci ilin birinci rübündə 142 vergi ödəyicisinə sabit verginin ödənişini təsdiq edən qəbzlər verilib: “Real vergi potensialının müəyyən edilməsi və vergi daxilolmalarının təmin edilməsi sahəsində görülmüş işlər nəticəsində kiçik sahibkarlıq subyektləri tərəfindən yanvar-mart ayları ərzində dövlət büdcəsinə 21 milyon 481,3 min manat vəsait səfərbər olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur”.
Vergilər Nazirliyinin rəsmisi əlavə edib ki, 2017-ci ilin 1-ci rübündə risklərin qiymətləndirilməsi nəticəsində 25706 vergi ödəyicisində vergi potensialı olan 61839 risk müəyyən edilib: “Vergi nəzarəti tədbirlərinin minimallaşdırılması üçün xidmət fəaliyyəti üzrə əks-əlaqə prinsipi tətbiq edilməklə məlumatlandırma işləri həyata keçirilib, vergi ödəyiciləri tərəfindən kənarlaşmaların aradan qaldırılması sahəsində əhəmiyyətli işlər görülüb. Risklərin aradan qaldırılmasını təmin etməyən 2731 vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 3 milyon 955,7 min manat hesablama aparılıb, 26 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr keçirilib, 66 vergi ödəyicisində pul vəsaitlərinin və malların uçota alınmaması ilə əlaqədar, 274 vergi ödəyicisində isə səyyar vergi yoxlaması ilə bağlı vergi nəzarəti tədbirləri keçirilib. Könüllü əməletmə səviyyəsinin yüksəldilməsi üçün vergi ödəyiciləri ilə keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə dövlət büdcəsinə daxil olmuş 21 miıyon 481,3 min manat vəsaitin cəmi 9,1%-i nəzarət tədbirləri üzrə təmin edilib”.