Bakı. Musa Əhmədov - APA-Economics. “Amrahbank”ın Goranboy filialı S. Civəzadə küçəsi 37 ünvanında fəaliyyət göstərməyə başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Amrahbank”ın korporativ imicinə uyğun olaraq formalaşmış Goranboy filialında həm fiziki, həm də korporativ müştərilərə bütün növ bank xidmətləri göstəriləcək.
Açılış mərasimini giriş sözü ilə açan İdarə Heyətinin sədri v.i.e. Emil Həsənov bildirib ki, bu filialın açılışı, ölkə prezidentinin bu regiona olan sonuncu səfəri ilə təxmini eyni vaxta təsadüf edir. Onun fikrincə, ”Amrahbank”ın sayca 23-cü filialı olan Goranboy filialının açılışı regionların sosial-iqtisadi inkişaf layihələrinə bir töhfədir: “Amrahbank” dinamik sürətlə inkişaf edən banklardan biridir. Bizim əsas məqsədimiz müasir tələbləri nəzərə alaraq bugünkü potensialımıza uyğun olan bank xidmətlərimizi müştərilərin istifadəsinə təqdim etməkdir. Bu gün bankımız tərəfindən müştərilərimizə ənənəvi bank xidmətləri göstərilməklə yanaşı, eyni zamanda onlara bizneslərinin inkişafı üçün hərtərəfli dəstək də göstərilir”.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini, “Amrahbank”ın təşkilati struktur rəhbərləri, filial direktorları, yerli sahibkarlar və digər bankların filiallarının rəhbərləri də iştirak etdilər.
2014-cü ilin 9 ayının nəticələrinə görə, “Amrahbank”ın məcmu kapitalı 56 mln. manatı keçib. Hesabat dövründə bankın xalis mənfəəti 5 mln. manat təşkil edib. Bank ilin sonuna qədər xalis mənfəətini 7 mln. manata çatdırmağı qarşısına hədəf qoyub.
1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hal-hazırda bankın 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.