Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” və “Unibank” yeni “Albukart” - adsız debet kartını istifadəyə verib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu yeni kartın istifadəyə verilməsində məqsəd hansı mobil operatorun abunəçisi olmalarından asılı olmayaraq, müştərilərə nadir fürsətlərdən və bonus proqramlarından faydalanmaq imkanı yaratmaqdır. Eyni zamanda, bu, müxtəlif satış nöqtələrində dərhal əldə oluna bilən, sözün həqiqi mənasında ilk anonim plastik kartdır. “Bakcell” şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün “Albukart” yalnız “Bakcell” nömrəsinə qoşulmalıdır.
“Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli sürməkdən məmnunluq duyuruq. “Albukart” bizim dəyərli müştərilərimiz üçün saysız-hesabsız imkanlar yaradacaq və öz vaxtlarına və pullarına qənaət etməkdə onlara kömək edəcək. İnanırıq ki, abunəçilərimiz “Bakcell”in “Unibank” və “Ulduzum” tərəfdaşları ilə əməkdaşlığının nəticələrindən faydalana biləcəklər. Çünki tərəfdaşlarımızla birlikdə bizim bir əsas məqsədimiz var – abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və onlar üçün daha sərfəli şərtlər təmin etmək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Gündəlik xərclər üçün nəzərdə tutulan bu kart müştərilərə öz balanslarını artırmağa, mağazalarda ödəniş etməyə, istənilən yerdə istifadə edərkən öz mobil nömrəsinə bonus dəqiqələr qazanmağa, onlayn ödənişlər həyata keçirməyə və onu adi plastik kart kimi istifadə etməyə imkan verəcək. Bununla yanaşı, istifadəçilər “Unibank”ın istənilən filialında və real zaman rejimində işləyən “cash-in” tipli bankomatların, eləcə də bütün ölkə ərazisində işləyən “Unibank” tərəfdaşlarının ödəmə terminalları vasitəsilə kartın balansına vəsait yükləyə biləcəklər.
“Müştərilərin gözləntilərini təmin etməklə, “Unibank” müştəri təcrübəsini daha da yaxşılaşdırmaq üçün daim yeni texnoloji yollar axtarır. Yüksək xidmət keyfiyyəti və müştərilərimizin artan tələbatları üçün geniş çeşidli məhsulların təmin olunması bankımızın fəaliyyətində ən yüksək əhəmiyyət kəsb edən amillərdir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, “Albukart” ölkəmizin kart biznesi tarixində yeni bir fəsildir. Bu yeni fəsli “Bakcell” ilə birgə tərəfdaşlıq çərçivəsində açmağımıza çox şadam. “Albukart” ölkəmizdə bankçılıq və telekommunikasiya sahələrində mövcud olan ən qabaqcıl bilik və təcrübələri birləşdirən bir məhsul kimi müştərilərimiz üçün uğurlu olacaq”, - deyə “Unibank”ın baş icraçı direktoru Xalid Əhədov bildirib.
Müştərilər “Albukart”ı “Bakcell”in istənilən Müştəri Xidməti mərkəzindən və ya “Unibank”ın filiallarından şəxsiyyət vəsiqələrini təqdim etmədən əldə edə bilərlər.
Bakcell abunəçiləri “Albukart”dan ilk dəfə istifadə etdikləri zaman şəbəkədaxili zənglər üçün 10 dəqiqə pulsuz danışıq hədiyyə alırlar. Müştərilər öz kartlarından hər dəfə 10 AZN məbləğində xərclədikdə isə 5 dəqiqə pulsuz danışıq imkanı qazanırlar. Bonus dəqiqələrini almaq üçün qazanılan dəqiqələrin kodunu cavab SMS-i olaraq göndərmək lazımdır.
Yeni məhsul gündəlik xırda - istənilən ödənişlərdə istifadə etmək üçün nəzərdə tutulub, asan əldə olunan pulsuz adsız kartdır.
Müştərilər “Bakcell” və “Unibank” tərəfindən təqdim olunan müxtəlif xidmət və təkliflərdən faydalana biləcəklər: “Albukart” vasitəsilə ödəniş edərkən “Ulduzum” kodunu “Ulduzum” tərəfdaşlarına təqdim etmədən avtomatik olaraq “Ulduzum” endirimləri, habelə standart kredit və debet kartları üçün “Unibank” tərəfindən təklif olunan sərfəli güzəştlər qazanacaq, bank tərəfindən keçirilən müxtəlif kampaniyalarda iştirak və karta yüklənmiş məbləğlərə hesablanan 6% illik depozit faizi qazanmaq imkanı əldə edəcəklər.
Kartı aktivləşdirmək üçün istənilən bankomatda kartın PİN kodunu daxil etməli və ödəmə terminalından kartın balansına vəsait yüklənilməlidir.
Hər bir “Albukart” sahibi “Unibank”ın təmin etdiyi bir neçə üstünlüklərdən faydalana bilər. Onlar “Unibank”ın “VISA Gold” və “MasterCard Gold” debet kartlarını 70%, “VISA Platinum” və “MasterCard Platinum” debet kartlarını isə 50% endirimlə əldə etmək, eləcə də qiymətli hədiyyə və mükafatlar oynanılan lotereyalarda iştirak etmək fürsəti qazanırlar.