Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)” hesablaşma-kassa xidmətləri üzrə güzəştli tariflər təklif edir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu təklif yalnız “Bank VTB (Azərbaycan)”ın deyil, eləcə də “VTB Qrup”un güzəştli şəbəkəsinə daxil olan bankların müştərilərinə aid edilir.
Güzəştli şəbəkəyə “VTB (Azərbaycan)”, “VTB (Gürcüstan)”, “VTB (Ukrayna)”, “VTB (Qazaxıstan)”, “VTB (Belarus)”, həmçinin Rusiyadakı “VTB24”, “Moskva Bank”ı və “Poçt Bank” daxildir.
Güzəştli tariflərə əsasən, “VTB “Qrup”a aid digər banklardan “Bank VTB (Azərbaycan)”a pul köçürüldükdə komissiya köçürülən məbləğin cəmi 0,3-0,5%-ni təşkil edir. Bu halda komissiyanın minimal məbləği 1 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 100 rubl, maksimal məbləği isə 500 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 5000 rubl təşkil edir. Vəsaitin hesaba köçürülməsi tarifi isə köçürmənin maksimum 0,2%--dir.
Bununla yanaşı, sərfəli tariflər vahid güzəştli bankomat şəbəkəsi çərçivəsində də qüvvədədir. Bu şəbəkəyə “VTB “Qrup” banklarından əlavə yerli “AccessBank” da daxildir. Belə ki, şəbəkənin bankomatlarından vəsaitin nağdlaşdırılmasına görə əlavə komissiya tutulmur.
Müştərilərimiz vahid bankomat şəbəkəsi vasitəsilə qrupa daxil olan digər bankların bankomatlarından nağd pul çıxararkən “VTB (Azərbaycan)”ın mövcud tariflərinə uyğun komissiya tutulur. Bundan başqa, “VTB (Azərbaycan)” kartlarının sahiblərinə bu bankomatlarda daha yüksək nağdlaşdırma limiti verilir.