Bank Of Baku

“CEO Lunch Tbilisi” keçirilib

“CEO Lunch Tbilisi” keçirilib
# 15 dekabr 2017 13:35 (UTC +04:00)

“Caspian European Club” və “Caspian Energy Georgia” Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə bu gün Azərbaycan-Gürcüstan biznes-forumu və III “CEO Lunch Tbilisi” keçirilib.

 

APA-Economics” xəbər verir ki, fəxri qonaq qismində “CEO Lunch Tbilisi”də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze və İmereti regionunun qubernatoru Givi Çiçinadze iştirak ediblər.


Forumda çıxış edən D.Həsənov bildirib ki, sayca üçüncü olan “CEO Lunch Tbilisi” aktual problem və məsələlərin müzakirəsi, eləcə də Azərbaycan və Gürcüstan sahibkarları arasında əlaqələrin qurulması üçün əlverişli meydandır. O həmçinin Azərbaycan hökumətinin Gürcüstandakı səfirliyin və “Caspian Energy Georgia”nın dəstəyi ilə Tbilisidə Azərbaycan Ticarət Evi açmağı planlaşdırdığını və bütün şirkətləri  forum çərçivəsində bu məsələ ilə bağlı öz rəy və təkliflərini bildirməyə səsləyib. “Biz bu layihənin uğurlu həyata keçirilməsinin mümkünlüyünü yalnız bizneslə partnyorluqda görürük. Səfirlik həm Azərbaycan, həm də Gürcüstanın biznes nümayəndələri ilə dialoqa həmişə açıqdır”, - deyə o vurğulayıb.


Kvemo-Kartli regionunun qubernatoru dəvətə görə “Caspian Energy Georgia”ya minnətdarlığını bildirib, Gürcüstan-Azərbaycan biznes-forumunun formatının biznesin inkişafında və ölkələrimiz arasındakı iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını deyib.


“Azərbaycanlı biznesmenlərin ölkəmizdəki mövcud mühitlə və Kvemo-Kartli regionunun xüsusiyyətləri ilə tanış olmaq maraqlarını müsbət qarşılayırıq”, - deyə o söyləyib.

 

Daha sonra Q.Nemsadze qonaqlara Kvemo-Kartli regionu haqqında danışıb və regionun investisiyalaşdırılması üçün vacib olan kənd təsərrüfatı, sənaye, turizm və enerji daşınması kimi sahələri qeyd edib. “Bizim administrasiya regionumuzda investisiya qoymaqda sizə hər cür kömək göstərməyə hazırdır. Mən həmçinin regionun biznes mühiti ilə yerində tanış olmaq məqsədilə bütün əlaqədar biznesmenləri Kvemo-Kartliyə dəvət etmək istəyirəm”, - deyə o bildirib.


İmereti regionunun qubernatoru də öz növbəsində “Caspian European Club” üzvlərini və iştirak edən qonaqları salamlayaraq, “Caspian Energy Georgia”ya gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra forum iştirakçıları üçün İmereti regionunun inkişaf perspektivlərinin təqdimatı keçirilib. Region barədə ətraflı məlumat verən qubernator iqtisadi və investisiya imkanları, eləcə də vergi sistemi, azad iqtisadi zona, beynəlxalq əməkdaşlıq və biznesə dəstək proqramları barədə danışıb.

 

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev “Caspian Energy Georgia”nın fəaliyyətinə göstərilən fəal dəstəyə görə Gürcüstan hökumətinə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənova və “PASHA Bank Georgia”ya minnətdarlığını ifadə edib. Bu cür tədbirlərin müntəzəm şəkildə keçirildiyini və sentyabrın 29-da təşkil olunan I “CEO Lunch Tbilisi”də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və hökumətin digər nümayəndələrinin iştirakının sevindirici olduğunu deyib.

 

Fürsətdən istifadə edən T.Əliyev biznes-forumun bütün rəsmi qonaqlarını və iştirakçılarını 2018-ci il aprelin 12-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi ilə keçiriləcək V Beynəlxalq “Caspian Energy Forum Tbilisi”də iştirak etməyə dəvət edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və Gürcüstan hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Forumun təşkilatçısı “Caspian Energy Georgia” şirkətidir.

 

Görüş iştirakçıları üçün III “CEO Lunch Tbilisi”nin sponsoru olan “PASHA Bank Georgia”nın təqdimatı təşkil olunub. Bankın baş icraçı direktoru Şahin Məmmədov qonaqları salamlayıb və təqdimat keçirib. Təqdimatda “PASHA Bank Georgia”nın yarandığı ilk gündən indiyə kimi olan dövrü əhatə edən maliyyə dinamikası və “PASHA Holding” barədə geniş məlumat verilib.

 

Tədbirdə Azərbaycan və Gürcüstandan 80-ə yaxın biznesmen iştirak edib.

 

Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı vasitə olan “CEO Lunch Tbilisi” həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

 

“CEO Lunch Tbilisi”də sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.

 

T.Əliyev “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.


Onun sözlərinə görə yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR