Bakı - APA-Economics. “DəmirBank” ASC tərəfindən hal-hazırda illik ortalama 240 mln. manatdan artıq kredit verilir ki, bu göstərici ilə bank ölkənin qabaqcıl bankları sırasında yer almaqdadır.
Bankdan “APA-Ecoomics”ə verilən məlumata görə, verilmiş kreditlərin müəyyən hissəsində təyinatı üzrə xərclənməmə, müştərinin maliyyə vəziyyətinin pisləşməsi nəticəsində yaranan gecikmələr və bu kimi halların qarşısının alınması üçün bankda müvafiq monitorinq və nəzarət mexanizmləri daim mövcuddur və proseslərə ciddi nəzarət olunur. Kredit ödənişlərində gecikmələr yarandığı təqdirdə bankın filialları, problemli kreditlərlə iş strukturları tərəfindən addımlar atılaraq geri yığım həyata keçirilir. Müştəri tərəfindən verilmiş vəsaitin təyinat üzrə xərclənməməsi şübhəsi yarandıqda və ya ödənişdən imtinası hallarında isə müvafiq olaraq Azərbaycan Respublikası qanunları çərçivəsində hüquq mühafizə orqanlarına müraciət olunur.
Mətbuatda yanlış prizmadan yanaşılaraq “oğurluq”, “saxtakarlıq” ifadələri ilə böyüdülərək yayımlanan məlumatlarla bağlı bildirmək istərdik ki, burada “DəmirBank” və ya əməkdaşları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxdur. “DəmirBank” tərəfindən 2006-2010-cü illər aralığında kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahələri üçün fiziki və hüquqi şəxslərə büdcə vəsaiti və öz vəsaiti hesabına müvafiq biznes planlar və sənədlər qəbul olunmaqla verilmiş 10 mln. 666 min 600 manat kreditin müştərilər tərəfindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı şübhələr yarandığı üçün müvafiq araşdırmaların aparılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət olunub. Müraciət əsasında Baş prokurorluq tərəfindən hal-hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Bank sektorunda hər hansı kreditin təyinat üzrə istifadə olunmaması ilə bağlı şübhələr yarandıqda və ya müştərinin kredit ödənişindən imtinası hallarında, bununla bağlı araşdırmaların aparılması üçün hüquq mühafizə orqanlarına müraciət olunması qanuni prosedurdur ki, bu prosedurlar “DemirBank” tərəfindən hər zaman gözlənilib.
Qeyd edək ki, “DəmirBank” maliyyə göstəricilərinə görə Azərbaycan bank sektorunda öncül banklar sırasındadır. Oktyabr ayının 1-də 2014-cü il tarixinə bankın aktivləri 423,4 mln. manat, kredit portfeli 319,5 mln. manat təşkil edib.
Təyinat üzrə xərclənməmə şübhəsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuş qeyd olunan məbləğ bankın ümumi kredit portfelinin 3%-ni təşkil edir.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozu “B” reytinqinə malikdir.