Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Dəmirbank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 478,580 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,73% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,69% artaraq 372,857 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 208,522 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 22,74% çoxdur.
Bankın ipoteka kreditlərinin həcmi 49,332 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 0,71% azdır və kreditlərin 34,450 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artaraq 31,812 mln. manat olub.
Bankın depozit portfeli 3,9% artaraq 197,818 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 182,130 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 0,3% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 4,22% azalaraq 58,801 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 41,53% azalaraq 14,942 mln. manat, xərcləri isə 17,9% azalaraq 19,721 mln. manat təşkil edib.
Cari ilin ilk üç ayını 4 mln. 891,07 min manatlıq zərərlə başa vurub.
Hazırda bankın ölkə üzrə 33 filialı, 58 bankomatı, 966 POS-terminalı fəaliyyət göstərir.