Bakı. APA-Economics. “DəmirBank” 5 oktyabr - Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500-6500 manat, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 manatadək olduqda, iş yerindən arayışsız və zaminsiz, 5000 manatadək olduqda isə zaminsiz verilir.
Yeni aksiyadan bütün növ təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar, kolleclər, uşaq yaradıcılıq mərkəzləri, idman məktəbləri, universitetlər, təhsil idarələri, bağçalar və s.) çalışan müəllimlər yararlana bilər. Aksiya 25 sentyabr-31 oktyabr 2013-cü il tarixini əhatə edir.
Qeyd edək ki, ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.