Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlamaqla kredit rəsmiləşdirilməsini daha da asanlaşdırıb.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, artıq müştərilər elektron arayışdan istifadə etməklə daha rahat şəkildə kredit əldə edə bilərlər. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompüterlər vasitəsilə formalaşdıra bilər. Müştəri eyni zamanda www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də elektron arayışı formalaşdıra və banka göndərə bilər. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.
Qeyd edək ki, göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
“DəmirBank” həmçinin Fitch Ratings Beynəlxalq qiymətləndirmə agentliyindən “stabil” proqnozlu “B” reytinqinə, Planet Ratings agentliyindən isə “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.