Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bankın rəsmi “Facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirir.
Bankdan “APA-Economics”ə verilən xəbərə görə, müsabiqədə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərlə iştirak edə bilərlər.
Rəsmlərin qəbulu iyunun 3-dək, ümumi səsvermə isə iyunun 7-dək davam edəcək.
Qeyd edək ki, müsabiqənin qalibləri rəsmlərin bəyənilmə (like) sayına görə müəyyən ediləcək. Qaliblərin adları isə iyunun 8-də açıqlanacaq.
Müsabiqədə 1-ci yer sahibinə uşaq geyim mağazasına 100 manatlıq, 2-ci yer qalibinə oyuncaq mağazasına 50 manat dəyərində kuponlar, 3-cü yer sahibinə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə ediləcək.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
“DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.